Azərbaycan Premyer Liqasının XXXIV turunda “Turan Tovuz”a qarşı səfər oyununda 2:1 hesablı qələbə qazanan “Neftçi”nin baş məşqçisi Samir Abasov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunun çətin keçdiyini vurğulayıb:

“Əlbəttə, çox çətindir. Həm də itkilərimiz ola-ola. Amma çətinliklər bizə yad deyil. İstəmirəm ki, kimdəsə bizimlə oyuna çıxanda rahatlıq olsun. “Neftçi”nin adı hər şeydən üstündür” – deyə Abasov bildirib.

Komandanın gələcəyi ilə bağlı danışan baş məşqçi azarkeşlərə yalnız meydandakı oyunla cavab veriləcəyini bildirib:

“Planlar cızırıq. Azarkeşlərə söz verməyə ehtiyac yoxdur, onlara onsuz da kifayət qədər vədlər verilib. Oyunumuzla hər şeyi göstərməliyik”.

Abasov hazırkı durumu keçmişlə müqayisə edərək irəli baxmağa çağırıb:

“Bəlkə bundan da pis olardı. Keçmiş keçmişdə qaldı. Yaxşı gələcəyə doğru getməyə çalışacağıq”.

Oyun ərzində bəzi futbolçu dəyişikliklərinin taktiki məqsədlə edildiyini qeyd edən mütəxəssis, hücum xəttini də yüksək qiymətləndirib:

“Məcburiyyətdən deyildi. Rəqibin üslubu bəllidir, ona görə hündürboylu oyunçuları meydanda saxlamaq istədik. Hücumçularımız rəqibin müdafiəsinə yaxşı təzyiq göstərdi”.

Yeni transfer Aleksin uyğunlaşma dövründən keçdiyini deyən Abasov futbolçunun potensialına güvəndiyini də bildirib:

“Biz gətirdiyimiz oyunçudan dərhal nəsə gözləyirik. Aleks bizə çətin vaxtda qoşulub. Onun keyfiyyəti bəllidir, səbirli olmalıyıq. Məncə, düzələcək”.

Sonda klub rəhbərliyinin dəstəyindən danışan baş məşqçi gələcək barəsində danışıb:

“Ciddi addımlar atmalıyıq və bunun üzərində işləyirik. Sağ olsun klub rəhbərliyi, şərait yaradır. Bu, işimizi asanlaşdıracaq”.