BAKI, 10 may. TELEQRAF
Pakistan xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanından olan həmkarı Feysəl bin Fərhanı gecə saatlarında Hindistanın hücumlarından sonra bölgədəki mövcud vəziyyət və İslamabadın buna cavabı barədə məlumatlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-in bəyanatında deyilir: "Səudiyyə Ərəbistanı xarici işlər naziri günahsız insanların itkisi ilə bağlı (rəsmi İslamabada) başsağlığı verib və Pakistanın ölçülü və təmkinli reaksiyasını yüksək qiymətləndirib. Hər iki tərəf sıx təmasda olmaq barədə razılaşıb”.
Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Ordusu hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Pakistan buna cavab olaraq, səhər saatlarında Hindistana qarşı “Bənyan ül-Marsus” adlı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.