Qüsursuz xidmətə görə mənzillə təmin edilmələri hərbçilər üçün böyük stimuldur.
Bunu “Report”un yerli bürosuna açıqlamasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə 20 il qüsursuz xidmətə görə dövlət hesabına mənzillə təmin olunan ehtiyatda olan tibb xidməti polkovniki Natiq İbayev deyib.
Onun sözlərinə görə, bu addım hərbçiləri daha məsuliyyətlə xidmət etməyə ruhlandırır:
“Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərin iştirakçısı olaraq, 20 ildən artıq qüsursuz xidmətimə görə dövlətin qayğısını daim hiss etmişəm. Bu ev ailəm üçün böyük hədiyyədir. Eyni zamanda, bu addım hərbi qulluqçular üçün böyük stimuldur və onları daha məsuliyyətlə xidmət etməyə ruhlandırır”.
Dövlət hesabına mənzillə təmin edilən ehtiyatda olan hərbçi Şəhla Qasımova da “Report”un yerli bürosunun əməkdaşı ilə söhbətdə dövlətin bu qayğısını yüksək qiymətləndirib:
“Xidmətimizin dəyərləndirilməsi bizim üçün ən böyük hədiyyədir. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Xidmət dövründə işimə hər zaman məsuliyyətlə yanaşmışam, dövlət də bunu nəzərə alıb. Təəssüratlarım çox yaxşıdır, ailə üzvlərim də çox sevinirlər”.