Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla təxminən iki saat davam edən telefon danışığından sonra mətbuata açıqlama verib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kremlin rəhbəri görüşü “səmimi və məzmunlu” adlandırıb.
Putin bildirib ki, Tramp söhbət zamanı Ukraynadakı atəşkəsin təmin olunması mövzusunda öz mövqeyini ifadə edib. Rusiya liderinin sözlərinə görə, Vaşinqtonun hazırkı administrasiyası Ukrayna böhranının dinc yolla həllinə tərəfdardır.
“Rusiya döyüşlərin dayandırılmasının tərəfdarıdır. Amma bu prosesin effektiv yollarla aparılması zəruridir. Biz Ukrayna ilə atəşkəsi əhatə edən memorandum üzərində işləməyə hazırıq,” – deyə Putin qeyd edib.
O, əlavə edib ki, Rusiya və Ukrayna elə kompromislər tapmalıdırlar ki, bütün tərəfləri razı salsın.
Prezidentin sözçüsü Dmitri Peskov və ya prezidentin köməkçisi Yuri Uşakovun yaxın vaxtlarda Trampla keçirilən telefon danışığının detalları barədə əlavə məlumat verəcəyi bildirilib.
Putin Trampla bu vacib söhbətdən sonra jurnalistlərin suallarını cavablandırarkən, Qərb ictimaiyyətinə də ünvanlanan bu bəyanatların regiondakı müharibənin taleyinə necə təsir edəcəyi diqqətlə izlənilir.
Musavat.com