Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp mayın 19-da Moskva vaxtı ilə saat 17:00-da telefon danışığı aparacaqlar. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Amerika lideri planlaşdırılan telefon danışığını bir gün əvvəl açıqlamışdı.
Mətbuat zəngi zamanı Dmitri Peskov bildirib ki, Donald Trampla söhbət İstanbulda Ukrayna ilə danışıqların nəticələri nəzərə alınmaqla aparılacaq. Peskov vurğulayıb ki, Kreml telefon danışığının nəticələri barədə məlumat verəcək. Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Vladimir Putinlə Donald Trampın şəxsi görüşünün tarixi liderlərin özləri tərəfindən təyin olunan tarixlərdən asılıdır. “Putin və Trampın görüşü məhsuldar olmalıdır və bunun üçün yaxşı hazırlanmalıdır”, – Kreml nümayəndəsi vurğulayıb.
Donald Tramp bildirib ki, o, Vladimir Putinlə ərazilər və atom elektrik stansiyalarına nəzarət məsələsini müzakirə etməyi planlaşdırır. Həmin gün o, Ukrayna prezidenti Vladimir Zelenskiyə, daha sonra isə NATO üzvlərinə zəng etməyi planlaşdırır.
//Samir Qurbanov, Editor.az